İşiniz xidmətdir
Bugünkü vəzimin əsas məzmunu bəyanat və dua şəklində açıqlana bilər. Bəyanat *şəklində belə demək olar: Məsihçinin öz vəzifəsinin tələblərini necə yerinə yetirməsi Məsihin şagirdi olaraq yetişməyinin mühüm bir hissəsidir. Başqa sözlə: Sizin öz işinizi necə etməyiniz İsaya itaətinizin böyük bir hissəsidir. Bugünkü vəzimin məzmunu *dua şəklində bu cür səslənər: Ata, bizim iş yerimizdə hüzurunu dərk etməyimiz və vəzifəmizlə əlaqəli olan münasibətlərimizdə Sənin əmrlərinə əməl etməyimiz üçün bizə lütf ənamlarını ver. Mən inanıram ki, Allah bu gün bizə bu sözü verir və indi bir neçə dəqiqə ərzində 1Kor. 7:17–24-ü nəzərdən keçirmək istəyirəm.
Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın
Bu parçanı oxumazdan əvvəl ondan öncəki kontekstdən danışmaq lazımdır. Korinfdəki imanlılar cəmiyyətinin bir problemi o idi ki, onlar insanın Məsihə imanının gündəlik həyatın münasibətlərinə necə təsir etdiyinə tam əmin deyildilər. Məsələn, 1Kor. 7-də qaldırılan sual belə idi: Məsihə iman edən ər-arvad imanlarına görə bir-birilə cinsi əlaqədən imtina etməlidirlər, ya yox? Paul 3-cü ayədə qəti şəkildə yox cavabını verir. 12-16-cı ayələr başqa sualla bağlıdır: Əgər ər-arvadın biri Məsihə iman gətiribsə, o biri isə imansız qalırsa, imanlı nə etməlidir? Pak qalmaq üçün imansızdan ayrılmalıdırmı? Paul yenə yox cavabını verir. Allah sizi imana gətirdiyi vaxt nə vəziyyətdə idinizsə, elə də qalın. Məsihə Rəbb və Xilaskar olaraq iman edən insanın imanı Allahın yaradılışda təsis etdiyi nikah əhdini əsla pozmaz.
Bununla belə, 12-ci və 13-cü ayələrdə həvari öyrədir ki, imansız imanlıdan ayrılanda, onunla yaşamaq istəməyəndə, imanlı bu münasibətlərə əbədi olaraq bağlı deyildir. Başqa sözlərlə desək, insan Məsihə imana gələndə Allahın təyin etdiyi münasibətlərə son qoymamalı, onları təqdis etməlidir. İmanlı kişi, yaxud qadın səbrlə dözərək, dua edərək, həlim və qüsursuz şəkildə davranaraq öz imansız həyat yoldaşını qazanmağa çalışır. Lakin İsa Mat. 10:34-42-də öyrətdiyi kimi, ər-arvadın birinin imansızlığına görə, o birinin məsihçiliyi şəfa verən məlhəmə deyil, qılınca da dönə bilər. Bu səbəbdən həvarinin prinsipi belədir: Allahın təyin etdiyi münasibətlərinizdə qalın; onlardan qaçmağa və ya onlara son qoymağa çalışmayın. Lakin Paul müstəsna hallarda bu münasibətlərin imanlının arzusundan asılı olmayaraq imansız tərəfindən pozulduğu, yaxud sona yetirildiyi halda, bunu bu cür qəbul etməyi məsləhət görür. Bu halda imanlı onu tərk edən həyat yoldaşı ilə bağlı deyildir.
Bizim nəzərdən keçirəcəyimiz parça bu yerdə – 1Kor. 7:17-də başlayır. İman gətirəndən sonra Allahın təyin etdiyi nikah münasibətlərində qalmaq prinsipini açıqladıqdan sonra Paul bu prinsipi həyatın başqa iki sahəsi ilə bağlı olaraq nəzərdən keçirir. 1Kor. 7:17–24-ü oxuyaq.
Ancaq hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm. Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın. Digəri isə sünnətsiz olaraq çağırış aldısa, qoy sünnət olunmasın. Sünnətlilik də, sünnətsizlik də heçdir; əhəmiyyət kəsb edənsə Allahın əmrlərini yerinə yetirməkdir. Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın. Çağırış alanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə (yaxud: hətta əgər azad olmağa imkanınız olsa belə, olduğunuz vəziyyətdə qalın). Çünki Rəbdə çağırış alan vaxt qul daha Rəbbin azad insanıdır. Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur. Siz çox baha qiymətə satın alınmısınız, insanlara qul olmayın! Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın.
Paulun nikahla əlaqədar olaraq öyrətdiyi prinsipin eynisi burada üç dəfə təkrarlanmışdır. 17-ci ayəyə fikir verin: "Ancaq hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin çağırışına uyğun həyat sürsün". Sonra 20-ci ayə: "Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın." Axırda 24-cü ayə: "Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın." Paulun prinsipini açıqlayan bu üç ayə bütün parçanı iki hissəyə bölür. Bunları “biq-mak” sendviçinin üç çörək tikəsi olaraq nəzərdən keçirmək olar. Üst və orta tikələrin arasında sünnətlilik və sünnətsizlik məsələsinə həsr olunan 18-19-cu ayələr yer alır. Orta və alt tikələrin arasında bu prinsipi qulluğa və azadlığa tətbiq edən 21-23-cü ayələr yerləşir. Lakin bu prinsipin tətbiqinə keçməmişdən qabaq, biz prinsipin özündə əsas sözün mənasını dəqiqləşdirməliyik.
Nə cür çağırış nəzərdə tutulur?
Bu parçada dəfələrlə işlənən söz "çağırış"dır. Paul 17-ci ayədə "hər kəs… Rəbbin çağırışına uyğun həyat sürsün" və 24-cü ayədə "hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın" dediyi zaman Allahın bizi Məsihə iman etməyə cəlb etdiyi İlahi çağırışı nəzərdə tutur. Biz peşəmizdən, vəzifəmizdən danışanda da "çağırış" deyirik: mənim çağırışım ticarətlə məşğul olmaqdır və s. Lakin Paul burada 9 dəfə işlətdiyi “çağırış” sözünü 8 dəfə İlahi çağırış mənasında və təkcə bir dəfə (20-ci ayədə) “peşə, vəzifə” mənasında işlətdi. 20-ci ayədə sözbəsöz "Hər kəs o "çağırışda" ("vəziyyətdə" deyil) qalsın, hansı ki, çağırıldı". Burada "çağırış" sözü insanın bu həyatda yerinə yetirdiyi və ya tutduğu vəzifə mənasını verir. İnsan öz həyatında bu “çağırışı” ilə o vəzifəni yerinə yetirdiyi, yaxud tutduğu zaman Allahdan başqa bir çağırış gəlir. Həmin çağırış Müqəddəs Ruhun onu Məsihlə şərikliyə cəlb edir. Allah vəzifəyə çağırılmış insanı İlahi çağırışla çağıranda, Müjdə vasitəsilə ruhunu imana gətirən İlahi qüvvə bu çağırışda olur.
Bunlar 1Kor. 1-də açıqlanır. 1-ci fəsil 9-cu ayədə Paul: "Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir" – deyir. Bu mənada çağırışla bütün məsihçilər və yalnız məsihçilər çağırılmışlar. Allahın bu çağırışı bir tərəfdən vəzifəyə "çağırış"ımızdan və digər tərəfdən bütün insanlara səslənən tövbəyə ümumi çağırışdan fərqlənir. İsa Mat. 22:14-də "dəvət edilmiş çox, seçilmiş isə azdır" dedikdə, bütün dünyada səslənən və bir çoxlarının rədd etdikləri Müjdə çağırışını nəzərdə tuturdu.
Ancaq Paul burada bu çağırışdan danışmırdı. Allahın bizi İsa ilə iman və sevgi dolu şərikliyə gətirən çağırışı bizi Allahın Oğluna cəlb edən qüvvətli, təsirli çağırışdır (Yəh. 6:44, 65). Bunu ən yaxşı göstərən ayələr 1Kor. 1:23-24-dür. Paul burada belə deyir: "Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır. Amma çağırılan həm yəhudilər, həm də yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir". "Çağırılan"lar Müjdəni eşidən hər kəs deyil, onu İlahi müdriklik kimi qəbul edənlərdir. Ümumi çağırış ilə təsirli çağırışın arasındakı fərqi göstərmək üçün bu ayələri bu şəkildə ifadə etmək olar: Paul deyir: "Biz hər kəsi çarmıxa çəkilmiş İsaya iman etməyə çağırırıq, amma bir çox yəhudilər üçün bu çağırış büdrəmə daşı kimidir, bir çox başqa millətlər üçün də bu çağırış ağılsızlıqdır, lakin çağırılanlar (yəni qüvvətli və təsirli çağırışla Məsihə cəlb edilənlər) üçün Müjdənin çağırışı Allahın qüdrəti və müdrikliyidir."
Buna görə də Paul 1Kor. 7:17, 20 və 24-də deyəndə ki, biz çağırış alanda nə vəziyyətdə idiksə, eləcə Allahla birlikdə qalmalıyıq, bunu nəzərdə tutur: imana gəldiyiniz – Allah tərəfindən Oğlu ilə iman və sevgi dolu şərikliyinə cəlb edildiyiniz gündə nə vəziyyətdə idinizsə, eləcə qalın.
Sözügedən prinsipin yəhudilərə və yunanlara tətbiq olunması
İndi biz Paulun bu prinsipi öz dövründə necə tətbiq etdiyini və bunun bizim üçün nə məna verdiyini anlamalıyıq. Bunu aydınlaşdırarkən teoloji səbəbləri də aşkar edəcəyik. Paul bu prinsipi ilk dəfə vəzifəyə deyil, sünnətliliyə və sünnətsizliyə tətbiq edir: əgər siz yunan (yəhudi olmayan millət) olaraq iman gətirdinizsə, yəhudi olmağa çalışmayın. Əgər siz yəhudi olaraq iman gətirdinizsə, yunan olmağa çalışmayın. Sünnətlilik və sünnətsizlik belə mənaya gəlir. Bu prinsip mədəniyyətlərə daha geniş şəkildə tətbiq olunur: qara dərilisinizsə, ağ dərili olmağa çalışmayın; ağ dərilisinizsə, qara dərili olmağa çalışmayın. Meksikalısınızsa, amerikalı olmağa çalışmayın; amerikalısınızsa, meksikalı olmağa çalışmayın.
Sonra Paul bu təlimin teoloji əsasını verir. 19-cu ayənin sözbəsöz tərcüməsi: "Sünnətlilik heçdir və sünnətsizlik heçdir; lakin (önəmli olan) Allahın əmrlərinin yerinə yetirilməsidir." Paulun bu sözü yəhudilər üçün dəhşətli idi: sünnətlilik heçdir. Biz bunun, ümumiyyətlə, bütün mədəniyyətlər üçün nə demək olduğunu anlasaq, hamımız dəhşətə gələ bilərik. Lakin bu, həqiqətdir. Paulun dünya mədəniyyətlərinin arasındakı fərqlərin saxlanılmasını əsaslandırmasındakı məntiqin indiki dövrdəki məntiqdən necə köklü surətdə fərqləndiyinə diqqət verin. Biz deyirik ki, ağ dərili gözəl, qara dərili gözəl, qırmızı dərili gözəl, sarı dərili gözəl olduğuna görə, mədəniyyətləri dəyişdirmək olmaz. Paul isə deyir ki, ağ dəri heçdir, qara dəri heçdir, qırmızı dəri heçdir, sarı dəri heçdir, ancaq Allahın əmrlərini yerinə yetirmək əhəmiyyətlidir; buna görə mədəniyyətləri dəyişdirməyin. Olduğunuz vəziyyətdə qalın və Allaha itaət edin. Paul dəbdə olana zidd düşündüyü üçün, sözləri əbədi olaraq qüvvədədir. O, qəti surətdə Allah mərkəzlidir. Hər şey, istisnasız olaraq hər şey Allahın üstünlüyünə tabe olmalıdır.
Yeni qanunpərəstliyi yaratmamaq üçün bunu anlamaq tamamilə zəruridir. Əvvəlki qanunpərəstliyə görə "Xilas olmaq üçün sünnət olmalısınız" (Həv. 15:1). Yəni bəyənilmək üçün ağ dərili olmaq lazımdır. Yeni qanunpərəstlik isə elan edir ki, "Xilas olmaq istəyirsənsə, sünnət olmamalısan. Qəbul olunmaq üçün ağ dərili olmamalısan." Biz Paulun "Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın" (ayə 18) sözlərinə əsasən mədəniyyətini dəyişməyi qadağan etsək, onun öyrətdiyini pozar, nəzərdə tutduğu mənanı dəyişdirərik. Paul burada başqa mədəniyyətlərdən ayrı hissələrini qəbul edən və öz mədəniyyətlərinə aid olan bəzi cəhətlərdən imtina edən insanları mühakimə etmir. Onun Timoteyi sünnət etdirməsi bunu aydın göstərir (Həv. 16:3), bundan əlavə, Paul özü bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey olduğunu deyirdi (1Kor. 9:22).
Həqiqətdə Paul burada göstərirdi ki, insanın Allahın əmrlərinə itaəti mədəniyyətinə dair hər hansı xüsusiyyətlərdən qat-qat önəmlidir. Belə ki, bu xüsusiyyətlərin dəyişdirilməsi məsihçi üçün əhəmiyyət kəsb etmir. Başqa sözlərlə desək, sünnətli olub-olmamağından, ağ, qara və ya qırmızı dərili, yaxud isveçli olmağından böyük məsələ yaratma. Daha yaxşısı, itaətə böyük əhəmiyyət ver; Allahın mənəvi qanununa əməl etmək qoy büsbütün sənin həyatının məqsədi olsun. Yalnız o zaman sünnətlilik (Paul Rom. 2:25-də dediyi kimi) və mədəniyyətin digər ayrılmaz hissələri gözəl olacaq; bunlar, sadəcə olaraq, imanla itaətin ifadəsi olaraq ikinci dərəcəli şeylər olaraq gözəl ola bilir. Xülasə, Paulun bu prinsipi fərqli mədəniyyətlərə bu yolla tətbiq olunur: mədəniyyətinizlə bağlı olaraq indiki vəziyyətinizə görə narahat olmayın və qürurlanmayın, çünki bu şeylər Allahın önündə az əhəmiyyətlidir, Allahın daha çox əhəmiyyət verdiyi odur ki, siz "Qonşunu özün kimi sev" (Rom. 13:8–10; Qal. 5:14) əmri ilə yekunlaşdırılan bütün əmrlərinə əməl etməyə özünüzü həsr edəsiniz.
Sözügedən prinsipin qul və azad insanlara tətbiq edilməsi
Sonra, 21-23-cü ayələrdə Paul bu prinsipini qul və azad olmaq seçiminə tətbiq edir. 21-ci ayədə tərcümə ilə bağlı çox ciddi məsələ vardır. Müasir tərcümələrin əksəriyyətində "Çağırış alanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə" – deyilir. Bu tərcümə düz ola bilər, amma mən bunu çətin qəbul edə bilərəm, çünki Paulun 20-ci ayədə öyrətdiyi prinsip budur: "Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın", sonra 24-cü ayədə "hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın" – deyilir. Bunların arasında "əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə" bir az yersiz görünür. Bundan əlavə, bu tərcümədə yunan mətnində işlənmiş sözlərin hamısı düzgün tərcümə olunmayıb ("hətta" və "daha yaxşısı" buraxılıb). Alternativ tərcümə belə ola bilər: "Çağırış alanda qul idin? Buna görə qayğı çəkmə; amma hətta əgər azad olmağa imkanın olsa belə, daha yaxşısı budur ki, olduğun vəziyyətdə qalasan". Məncə, bu ayədə ən çox vurğulanan fikir belədir: "Qul olmağınız sizi narahat etməsin, əksinə, bu vəziyyətdən istifadə edin." Məsihə itaət etmək və "Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etmək" (Tit. 2:10) üçün bundan istifadə edin.
Mən düşünürəm ki, ciddi təhlil göstərir ki, burada azadlığı qəbul etməyə qadağa qoyulmur, necə ki 18-ci ayə sünnəti qadağan etmir. Lakin bu ayə azadlığı əldə etməyə çağırış kimi tərcümə edildikdə bu parçanın əsl mənası qeyri-müəyyən olur. Mənası budur ki, siz Məsihlə şərik olmağa çağırılanda yeni – qəti surətdə Məsih mərkəzli üstünlükləri qəbul edirsiniz; bu, o qədər ciddi dəyişiklikdir ki, siz heç narahat olmamalısınız. "Çağırış alanda qul idinsə, fikir eləmə." Sənin işin hörmətsizdir? Eybi yoxdur. Bu, sünnətlilik kimi mədəniyyətlərin xüsusiyyətlərinə də aiddir: Çağırış alanda sünnətsiz idin? Eybi yoxdur. Sünnətli idin? Eybi yoxdur.
Paul burada 19-cu ayədə verdiyi teoloji əsası verə bilərdi. "Qulluq heçdir, azadlıq heçdir, Allahın əmrlərini yerinə yetirmək isə hər şeydir" – deyə bilərdi. Bu, düzdür. Lakin Paul bizim anlayışımızı yeni teoloji əsasla dərinləşdirir. İnsanın qul olduğu halda "Eybi yoxdur" deyə bilməsinin səbəbi budur: 22-ci ayə: "Çünki Rəbdə çağırış alan vaxt qul daha Rəbbin azad insanıdır." Həmçinin, azad adamın "Eybi yoxdur" deyə bilməsinin səbəbi budur: "çağırış alan vaxt azad insan Məsihin quludur." Paulun teologiyanı bu şəkildə təqdim etməsi çox xoşuma gəlir. O deyir ki, Müjdə həm hörmətsiz işlərə görə ruhdan düşməkdən, həm də çox hörmətli işlərə görə qürurlanmaqdan çarə tapır. Özünü ümidsiz hiss edən qula baxıb deyir ki: "Sən Məsihdə azad insansan. Sən baha qiymətə satın alınmısan. Heç bir adam sənin ruhunu qul etməsin. Rəbdə sevin, Rəbbə ümid bağla, o zaman sən o qayğı çəkən, fikir eləyən əsilzadələrdən daha azad olarsan." Sonra o, azad əsilzadəyə üz tutub deyir: "Qürurlanma, çünki sən də Məsihin qulusan. O, sənə hökmrandır və sən həlim və itaətkar olmalısan."
Əsas həqiqət budur ki, hər insan, istər azad olsun, istər qul olsun, məyus olmamalı və qürurlanmamalıdır. O, "Eybi yoxdur!" deməyi bacarmalıdır. Həkim, hüquqşünas, yaxud başçıdırsa, öyünməməli, cəmiyyətdə çox hörmətsiz sayılan bir işçidirsə, özünə yazığı gəlməməli və ruhdan düşməməlidir. 24-cü ayədə Paul belə nəticə çıxarır: "Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın." Allahla birlikdə! Bu sözlər ən mühümdür. Bu həyatda və əbədiyyətdə əhəmiyyət kəsb edən budur: Allaha yaxın olmaq və Onun hüzurundan zövq almaq. İşimizin insanların gözündə hörmətli, yaxud hörmətsiz olması önəmli deyildir. Allahın hüzurunda özümüzü alçaldıb ruhlanmamız önəmlidir.
Paulun bu prinsipinin iki hissəsini bir yerə gətirəndə belə bir təlim meydana gəlir: Allahın əmrlərinə əməl etmək (ayə 19) və Allahla birlikdə olmaqdan zövq almaq (ayə 24) mədəniyyətinizdən, yaxud işinizdən o qədər çox əhəmiyyətlidir ki, siz vəziyyətinizi dəyişdirmək istəməməlisiniz. Qorxu və ümidsizliyə görə “aşağı” vəziyyətdən qaçmamalı, varlı olmaq və ya qürurlanmaq üçün “hörmətli” vəziyyətə də can atmamalısınız. Siz öz vəziyyətinizə baxanda belə deməyi bacarmalısınız: "Eybi yoxdur. Mənim həyatım səndə deyildir. Həyatım Allaha itaət etməkdə və hüzurundan zövq almaqdadır."
Dörd praktik nəticə
Axırda bir neçə praktik nəticə ilə vəzimi başa çatdıracağam. Birincisi, Allah sənə yeni iş verməkdən daha çox indi etdiyin işi necə etməyinlə maraqlanır. Bizim cəmiyyətimizdə tibb bacıları, müəllimlər, dülgərlər, rəssamlar, katiblər, mühasiblər, hüquqşünaslar, qəbul şöbəsində işləyən işçilər, ictimai işçilər, müxtəlif ustalar, mühəndislər, ofis menecerləri, ofisiantlar, çilingərlər, satıcılar, mühafizəçilər, həkimlər, hərbi xidmətçilər, məsləhətçilər, bankirlər, polislər, bəzəkçilər, musiqiçilər, memarlar, rəngsazlar, süpürgəçilər, məktəb işçiləri, evdar qadınlar, missionerlər, pastorlar, xarratlar və daha çox vəzifələrdə işləyən insanlar vardır. Biz anlamalıyıq ki, Allahın ürəyinin arzusu bizi başqa iş yerinə köçürmək deyil, amma *indiki *iş yerimizdə Allahın vəd etdiyi kimi bizimlə olmasından zövq aldığımızı və Onun əmrlərinə əməl edərək öz işimizi yerinə yetirdiyimizi görməkdir.
İkincisi, gördüyümüz kimi, imana gələndə nə vəziyyətdə idiksə, eləcə qalmaq əmri mütləq deyildir və öz işini dəyişdirən insanı, ümumiyyətlə, mühakimə etməz. Biz təkcə Paulun 1Kor. 7-də (Bax: ayə 15) yol verdiyi istisnalara görə deyil, həm də bu cür dəyişiklikləri Müqəddəs Kitabda da gördüyümüzə görə buna əmin ola bilirik. Əhdi-Ətiqdə qulların azad edilməsi üçün qayda-qanun vardır, İncildə bir vergiyığanın vaiz olduğu, balıqçıların missioner olduqları haqqında oxuyuruq. Bundan əlavə, insanın bəzi işlərdə qalıb Allahın əmrlərinə əməl edə bilməyəcəyi də məlumdur. Məsələn, fahişəlik, müxtəlif növ əxlaqsız və zərərli əyləncələr, insanları istismar edən işlər və s.
Paul demir ki, peşəkar oğru və ya Korinfdəki məbəd fahişəsi çağırış aldıqları kimi qalsınlar. Korinflilərin sualı belə idi: Biz Məsihə iman gətirəndə nəyi tərk etməliyik? Paulun cavabı belə idi: Siz çağırıldığınız işdə *Allahla birlikdə *qala bilsəniz, onu tərk etməməlisiniz. Paul işi dəyişdirməyi qadağan etmək məqsədi ilə yazmır. O öyrədir ki, işiniz nə olur-olsun, Məsihdə özünüzü tam məmnun hiss edə bilirsiniz. Müasir Qərbdə bu təlim dünyəvi məqsədləri heç etdiyinə görə çox mənfi şəkildə qəbul olunur. Biz çox diqqətli olmalı və düşünməliyik: uğurlu olmaq haqqında uşaqlarımıza öyrətdiklərimiz Müqəddəs Kitaba əsaslanırmı, yoxsa Amerikada hakim olan ideyanı əks etdirir? "Uğurlu olmağın ardınca gedən" bizlərə Allahın Kəlamı bunu deyir: vəzifədə qalxmaqdan ötəri sərf etdiyiniz səylərinizi, məqsəd və həvəsinizi ruhani həyatınıza yönəldin, Allahın hüzurundan zövq almağı və Müqəddəs Kitabda açıqladığı iradəsinə itaət etməyi öyrənin.
Üçüncüsü, hələ peşəsini seçməmiş, vəzifə tutmamış gənclər də bu mətndən faydalana bilirlər. “Mənim həyatım üçün Allahın iradəsi nədir?” soruşanlar üçün konkret cavab var: "Onun iradəsi budur ki, siz Onunla ünsiyyətdə olasınız və özünüzü Onun əmrlərinə əməl etməyə həsr edəsiniz." Allahın sizin üçün açıqladığı iradəsi (siz ancaq bu açıq iradəni yerinə yetirməkdən məsuliyyət daşıyırsınız) peşənizi, vəzifənizi tapmaq deyil, müqəddəs olmaqdır (1Sal. 4:3). Özünüzü bu iradəyə bütün ürəyinizlə həsr edin və istədiyiniz işlə məşğul olun. Mən heç şübhə etmirəm ki, bütün gənclərimiz var qüvvəsi ilə Allaha yaxın olmağa və Müqəddəs Kitabdakı əmrlərə əməl etməyə çalışsa, Allah onları bu dünyaya təsir etmələri üçün istədiyi kimi yerləşdirəcək.
Dördüncüsü və axırıncısı, bu mətnə görə indiki işinizdə nə qədər işləsəniz, Allahın sizə təyin etdiyi iş budur. 17-ci ayədə "hər kəs Allahın ona təyin etdiyi kimi… həyat sürsün" – deyə, yazılmışdır. Allah hökmrandır. Sizin olduğunuz yerdə olmağınız təsadüfi deyildir. "İnsan ürəyində özü üçün yol qurar, amma Rəbbin verdiyi istiqamətlə addımlar" (Sül. 16:9). "İnsanın qəlbində çox amalı var, amma Rəbbin niyyəti həyata keçər" (Sül. 19:21). "Ətəyin üstünə püşk atılar, amma hökm Rəbdən gələr" (Sül. 16:33).
Siz İlahi təyinatla olduğunuz yerdə işləyirsiniz; hətta rüşvətlə, yalanla o işə düzəlmisinizsə belə, yenə də bu, Allahın iradəsi ilə oldu. Sizin işiniz mənim işim kimi xidmət üçün təyinatdır. İşinizdə sizdən tələb olunan vəzifəni necə yerinə yetirməyiniz, bazar günləri toplantıda etdiyiniz ibadət qədər önəmlidir. Bir çoxlarımız üçün sabah yeni səhifə açılmalıdır. Biz iş yerlərimizə getməzdən əvvəl dua etməliyik: "Allahım, bu gün mənimlə birlikdə işə get və qoy mən Sənin mənimlə birlikdə olduğunu hiss edim. Mən məyusluğa qapılanda sən ürəyimi təşviq et. Qürurlansam, məni həlimləşdir. Ey Allahım, mənə lütf ver ki, qonşumu özüm kimi sevməyimdə yekunlaşdırılan bütün əmrlərinə itaət edə bilim."