Əziyyətə və sevincə dəvət: Məsihi qazanmaq üçün
Nəhayət, qardaşlarım, Rəbdə sevinin! Sizə eyni şeyləri yazmaq məni yormaz, amma sizi qoruyar. Özünüzü «itlər»dən qoruyun, pis iş görənlərdən qoruyun, bədəni sünnət edərək kəsib-atanlardan qoruyun. Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik. Əslində, mən cismani şeylərə də güvənə bilərdim. Əgər başqası cismani şeylərə güvənməyi düşünürsə, mən daha çox güvənə bilərəm. Mən səkkiz günlük ikən sünnət olundum. İsrail nəslindən, Binyamin qəbiləsindən, ibranilərdən törəmiş bir ibraniyəm. Qanuna münasibətdə farisey idim. Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim. Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam. Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum. Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki, nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum. Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub. Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.
Müqəddəs Kitabda Allahın xalqının əziyyət çəkəcəyi vəd olunur
Biz bir neçə həftəni əziyyətlərə hazırlaşmağa həsr etmişik. Buna səbəb bizim yaşadığımız dövrdə şərin hökm sürməsi və salehlik yolunda qalmağın baha başa gəlməsi ilə yanaşı, Müqəddəs Kitabda ümumiyyətlə, Allahın xalqının əziyyət çəkəcəyinə dair vəddir.
Məsələn, Həv. 14:22-də Paulun yeni imanlılar cəmiyyətlərinin hamısına: "Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik" dediyini oxuyuruq. İsa: "Məni təqib etdilərsə, sizi də təqib edəcəklər" (Yəh. 15:20) dedi, Peter də: "Sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin" (1Pet. 4:12) - deyə, yazdı. Başqa sözlə desək, əziyyətə təəccüblənmək lazım deyildir; onu gözləmək lazımdır. Paul, həmçinin, dedi (2Tim. 3:12-də): "Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq."
Mən Müqəddəs Kitabdan öyrəndiyim həqiqəti elan edirəm ki, yer üzünün duzu və dünyanın nuru olmaq, İsaya itaət etməyən xalqlara Müjdəni yaymaq, qaranlıq işləri ifşa edərək günahın və şeytanın zəncirlərini qırmaq yolunda səyimiz nə qədər ciddi olsa, biz o qədər çox əziyyət çəkəcəyik. Buna görə, biz əziyyətlərə hazırlaşmalıyıq; və buna görə mən bir neçə həftə ərzində hazırlaşmağımız üçün faydalı olan ayələri nəzərdən keçirəcəyəm.
Mənim nitqim Allahın yolunda çəkdiyimiz əziyyətlərdə Allahın dörd məqsədi ilə əlaqəli olacaqdır. Birinci məqsəd ruhanidir: biz əziyyət çəkə-çəkə Allaha daha çox ümid bağlamağı və bu dünyanın şeylərinə güvənməməyi öyrənirik. İkincisi, yaxınlıq məqsədidir: Biz Məsihlə birlikdə əziyyət çəkərək Onu daha yaxından tanıyırıq. Bu gün məhz bu mövzudan danışacağıq.
Məsihə daha yaxın olmaq məqsədi
Allah bizə göstərir ki, biz əziyyətlərimizdə Məsihlə daha dərin münasibətlərə nail olmalıyıq; bu yolla O, əziyyətlərə hazırlanmağımıza kömək edir. Siz Onun əzabına şərik olaraq Onu daha yaxşı tanıyırsınız. Məsihin dəyəri haqqında ən dərin və şirin sözlər yazan insanlar Onunla birlikdə ən dərin şəkildə əziyyət çəkənlərdir.
Cerri Bricesin həyatında əziyyətlər
Məsələn, Cerri Bricesin yazdığı “Həyat əzab verərkən belə Allaha inam” (Trusting God, Even When Life Hurts) kitabı əziyyətlərdən Allahla birlikdə keçmək barəsində mənalı və faydalı əsərdir. Müəllifin 14 yaşında ikən bir dəfə anası onu öz yanına çağıranda tamamilə gözlənilməz bir şəkildə öz anasının son nəfəsini gördüyünü öyrənmək heç də təəccüblü deyildir. Bundan əlavə, müəllifin sağlamlıq vəziyyəti idmanla məşğul olmasına mane olur. Bir neçə il əvvəl arvadı xərçəng xəstəliyindən vəfat etdi. Naviqatorlar cəmiyyəti ilə Allaha xidmət edərək o, həmçinin, çox əziyyət çəkdi. Məsihlə birlikdə dərin əziyyətlərdən keçdiyi üçün, o özü əziyyətlər haqqında mənalı kitab yaza bilmişdir.
Horasias Bonarın həyatında əziyyətlər
Şotlandiyalı pastor və bir çox ilahilərin müəllifi Horasias Bonar yüz il bundan əvvəl “Ağlama gecəsi və ya Allahın övladları əziyyət çəkdikdə” (Night of Weeping, or, "When God's Children Suffer") kitabını yazdı. Bu kitabı yazmasındakı məqsədi, onun dediyinə görə "müqəddəslərə xidmət edərək, onların yüklərini daşımağa, yaralarını sarımağa, göz yaşlarını heç olmasa bir az silməyə çalışmaqdır". Onun yazdığı bu kitabda şəfqət, dərin məna və müdriklik vardır. Buna görə onun aşağıdakı kimi yazdığı heç təəccüblü deyildir:
Bu kitab sınaqdan faydalanmağa çalışan və sınağın onu qayaya əsən külək kimi təsir edəcəyindən (yəni onun əvvəlki kimi bərk qalacağından) narahat olan; hər dərdində Allahı daha çox tanımaq ümidi ilə Ona yaxınlaşan və lap az bildiyini etiraf etməkdən çəkinməyən adam tərəfindən yazılıb.
Brices və Bonar bizə göstərirlər ki, əziyyət Allahın ürəyində dərin iz kimi əks olunan yoldur. Allah əziyyət çəkən övladlarına Öz izzətini xüsusi ilə açıqladı.
Əyyubun, Stefanın və Peterin dedikləri
Əyyub uzun aylar əziyyət çəkəndən sonra axırda Allaha belə dedi: "Qulaqlarıma sorağın çatmışdı, indisə Səni gözlərimlə görürəm" (Əyy. 42:5). Əyyub mömin və saleh insan idi, Allah ondan çox razı idi, lakin o, bol və rahat ömür sürərkən Allahı tanımağını “qulaqlarına sorağı çatdı” deyə xarakterizə etdi, əziyyət çəkəndə isə “Onu gözlərimlə görürəm” dedi.
Stefan imanına görə tutulub məhkəməyə gətiriləndə vəz etməyə başladı, o zaman dini rəhbərlər qəzəbləndilər və ona qarşı dişlərini qıcırtdılar. Onlar Stefanı şəhərdən kənara aparıb öldürmək istədilər. O anda, Lukanın dediyinə görə: "Müqəddəs Ruhla dolan Stefan gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü" (Həv. 7:55). Məsihlə birlikdə əziyyət çəkənlər üçün xüsusi vəhy, xüsusi yaxınlıq hazırlanıb.
Peter bu haqda belə deyib: "Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır" (1 Pet. 4:14). Başqa sözlərlə, Allah Onun adına əziyyət çəkənlər üçün Ruhunun və izzətinin xüsusi şəkildə gəlməyini saxlamışdır.
Mətndə müşahidə etdiyimiz üç məqam
Bugünkü bəhsimizin əsas mövzusu əziyyətlərdə Allaha yaxınlıqdır. Müqəddəslərin əziyyət çəkmələrinin məqsədlərindən biri budur ki, onların Allahla münasibətləri daha az formal olsun, Allahla münasibətində daha az sünilik, daha az məsafə qalsın; əksinə, Allahla münasibətləri daha çox şəxsi, gerçək, yaxın, sirli və dərin olsun.
Bizim əsas nəzərdən keçirdiyimiz parçadan (Fil. 3:5-11) ən azı üç məqama diqqət yetirməyinizi istəyirəm:
- Birincisi, Paulun öz dəyərlərini dəyişdirərək əziyyət çəkməyə hazır olması;
- İkincisi, Paulun Məsihə itaət etdiyinə görə həqiqətdə çəkdiyi əziyyətlər və ziyanlar;
- Üçüncüsü, bütün bunlarda Paulun məqsədi, yəni Məsihi “qazanmaq”: Məsihlə, hətta ən yaxın dostları Barnabas və Sila ilə münasibətlərindən belə daha yaxın ünsiyyət qurmaq və Məsihi onlardan da çox tanımaq.
1. Paulun əziyyət çəkməyə hazırlığı
5-ci və 6-cı ayələrdə Paul məsihçi olmazdan əvvəl üstün saydığı xüsusiyyətlərini sadalayır. O, etnik mənsubiyyətini ibranilərdən törəmiş bir ibrani olaraq təqdim edir. Bu əcdadın nəslinə mənsubiyyət ona böyük fayda verdi, özünü çox əhəmiyyətli və arxayın hiss etdirdi. O, israilli idi. Ondan sonra Paul məsihçi olmazdan əvvəl həyatının mühüm hissəsi olan üç gerçəkliyi sadalayır (5-ci ayənin son cümləsindən başlayaraq): "Qanuna münasibətdə farisey idim. Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim."
Məsihi tanımadan öncə Paulun dəyərləri
Paulun həyatı belə idi. Ona məna və önəm verən bunlar idi. Onun faydası, sərvəti, sevinci bunlar idi. Hər xalq öz üstünlükləri ilə fəxr edir, Paulun iftixarı da qanunpərəstlərin ən yüksək dərəcəsinə - fariseylərə mənsub olması idi; bunların arasında Paul o qədər çox qeyrət göstərirdi ki, Allahın düşməni hesab etdiyi İsa Məsihin Cəmiyyətini təqib edirdi və yəhudi qanununa nöqsansız şəkildə riayət edirdi. O, öz mənsubiyyətindən razı idi, üstün qeyrətindən razı idi; yəhudi qanununa nöqsansız şəkildə riayət etdiyinə görə o elə bilirdi ki, Allah ondan razıdır.
Dəməşq yolunda o, yaşayan Allahın Oğlu Məsih ilə qəflətən qarşılaşdı. Məsih ona çəkəcəyi əzabın nə qədər böyük olduğunu söylədi (Həv. 9:16). O zaman Paul özünü hazırladı.
Paul əvvəlki dəyərlərini ziyan saydı
Paulun əziyyətlərə necə hazırlandığı 7-ci ayədə təsvir olunur: "Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam". Paul yəhudi dini cəmiyyətinin yuxarı səviyyəsində - fariseylərin arasında olduğunu görür; o qrupun ən yuxarı yerində dayanıb bəyənildiyini, tərifləndiyini görür; qanuna riayət etməkdə üstün qeyrətinə və mənəvi iftixar hissinə baxır; və bunları görə-görə Paul əziyyət çəkməyə başlayır. O, öz dəyərlərini dəyişdirərək dünyasını baş aşağı döndərir: "Amma mənə fayda gətirən nə varsa (5-6-cı ayədə sadalananlar), Məsih uğrunda ziyan saymışam".
Paul məsihçi olmazdan əvvəl sanki bir “mühasibat dəftəri” saxlayırdı. Bu dəftərdə iki sütun var idi: birində faydalar, o birində isə ziyanlar qeyd edilirdi. Faydalar sütununa 5-6-cı ayələrdəki insan izzəti daxil idi. Ziyanlar sütununda isə İsanın bu hərəkatının yayılma ehtimalı və İsanın bir gün həqiqət olduğunu göstərərək qalib gəlmə ehtimalı idi. Paul Dəməşq yolunda ikən, yaşayan Məsihlə qarşılaşandan sonra qırmızı qələm götürüb faydalar sütununun üstündə böyük qırmızı hərflərlə "ZİYANLAR" deyə yazdı. Ziyanlar sütununun üstündə isə böyük hərflərlə "FAYDALAR" yazdı. Həmin sütunda bircə ad yazılıb: Məsih.
Bundan əlavə, Paul bu həyatın nisbi dəyərləri və Məsihin əzəməti haqqında düşündükcə, 5-6-cı ayələrdə sadalanan bir neçə üstünlükdən də irəli gedərək, Məsihdən başqa hər şeyi birinci sütuna qoydu: 8-ci ayə: " Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm..." O, ən dəyərli nailiyyətlərini ziyan hesab etməkdən başladı və Məsihdən başqa hər şeyi ziyan saymaqla qurtardı.
Normal məsihçilik
Paul üçün məsihçi olmağın mənası belə idi. Birdən kimsə elə bilər ki, Paul unikal və ya qəribə bir adam olub; xeyr, 17-ci ayəyə baxın. O, burada tam həvari səlahiyyəti ilə belə deyir: "Qardaşlar, hamınız birlikdə məndən nümunə götürün". Bu, normal məsihçilikdir.
Paul burada İsanın təliminin əməldə necə yaşanacağını göstərir. Məsələn, İsa dedi: "Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı" (Mat. 13:44). Məsihçi olmaq, Məsihin (Padşah) müqəddəs sevinc bəxş edən dəfinə sandığı olduğunu kəşf edərək, Onu əldə etmək üçün bu dünyada olan başqa hər şeyin üstündə "ZİYAN" yazmaq deməkdir: "Bütün varını satdı və o tarlanı satın aldı."
Luk. 14:33-də İsa yenə də belə danışdı: "Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz". Başqa sözlə desək, İsanın şagirdi olmaq bütün var-yoxunun üstündə və ümumiyyətlə, bu dünyanın təklif etdiyi hər şeyin üstündə böyük qırmızı hərflərlə "ZİYAN" yazmaq deməkdir.
Bu əməldə nə deməkdir
Bəs bu əməldə nə deməkdir? Məncə, burada dörd məqamı qeyd etmək olar:
- Bu, o deməkdir ki, bu dünyada hər hansı bir şey ilə Məsihin arasında seçmək lazım gəldikdə, mən Məsihi seçəcəyəm.
- Bu, o deməkdir ki, mən bu dünyadakı şeylərə elə münasibət göstərəcəyəm ki, Məsihə yaxınlaşım, Məsihi daha çox qazanım və bu dünyadan istifadə etməyimlə Məsihdən daha çox ləzzət alım.
- Bu, o deməkdir ki, mən bu dünyadakı şeylərə elə münasibət göstərəcəyəm ki, bunların deyil, Məsihin əsl xəzinəm olduğunu göstərim.
- Bu, o deməkdir ki, bu dünyanın təklif etdiyi bir şeyi, yaxud hər şeyi itirsəm belə, sevincimi, xəzinəmi, həyatımı itirməyəcəyəm, çünki mənim üçün Məsih hər şeydir.
Paul öz ürəyində belə düşünürdü (ayə 8): "Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm". Məsih hər şeydir, Ondan başqa hər şey ziyandır!
*Niyə bu, əziyyət çəkməyə hazırlanmanın bir yoludur? *
İndi bir dəqiqə dayanıb əvvəlki söhbətə qayıdaq. Mən hələ birinci məqamdayam: Paul məhz bu yolla əziyyət çəkməyə hazırlaşır. Niyə mən bunu söyləyirəm? Məsihçi olanda Məsihdən başqa hər şeyin üstündən xətt çəkib "ZİYAN" yazmaqla necə əziyyətlərə hazırlaşırıq?
Bu sualın cavabı budur ki, əziyyətlər, sadəcə olaraq, dünyanın zövq almağımız üçün bizə təklif etdiyi yaxşı-pis bütün şeylərin: ad-san, hörmət, iş-güc, pul, həyat yoldaşı, cinsi əlaqə, uşaqlar, dostlar, sağlamlıq, güc, görmə, eşitmə, uğur kimi şeylərin əlimizdən alınmasıdır. Bunlar əlimizdən alındıqda (istər məcburən, istər vəziyyətə görə, istərsə də bizim razılığımızla), biz əziyyət çəkirik. Lakin əgər biz Paulun dediyinə və İsanın təliminə əməl edib Məsihi tanımağın ali dəyərinin yanında bunları ziyan hesab etdiksə, onda biz əziyyət çəkməyə hazırıq.
Əgər siz məsihçi olanda bu dünyada Məsihdən başqa hər şeyin üstündə böyük qırmızı hərflərlə "ZİYAN" yazsanız, onda Məsih bu şeylərin bəzisindən əl çəkməyinizi tələb etsə, siz təəccüblənməz və sarsılmazsınız. Ola bilər ki, böyük kədər və əzab çəkərsiniz. İsa Getsamanidə əziyyət çəkdiyi kimi, siz də çox göz yaşı tökə bilərsiniz. Lakin biz hazır olacağıq. Məsihin ali dəyərinin dünyanın təklif edə biləcəyi hər şeydən üstün olduğunu və bu dünyada itirdiyimiz hər şeyin bizə daha çox Məsihi qazandırdığını biləcəyik.
2. Paulun həqiqətdə çəkdiyi əziyyətlər
8-ci ayənin ikinci yarısında Paul əziyyət çəkməyə hazırlaşmağından həqiqətdə əziyyət çəkməyinə keçir. 8-ci ayənin ilk yarısında hər şeyi ziyan hesab etməyindən ikinci yarısında həqiqətən ziyana uğrayıb əziyyət çəkməyinə keçir: "…Onun (Məsihin) uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanım". Biz bunu gələn həftə nəzərdən keçirəcəyik: Paul bu dünyada adi hüquqlarında və rahatlığında bu qədər çox ziyana uğramışdı ki, bunları ziyan hesab etdiyini deməklə kifayətlənməyərək, ziyan çəkdiyini deyə bilirdi. Paul dəyərlərini baş-aşağı çevirərək hazırlaşmışdı, indi isə sınaqdan keçirdi. O, həqiqətən də Məsihi hər şeydən çox qiymətləndirir?
3. Paulun əziyyət çəkməyində məqsədi (və Allahın məqsədi)
Axırda Paulun əziyyət çəkməsində məqsədini və eləcə də Allahın məqsədini nəzərdən keçirmək istəyirəm. Niyə Allah Paulun məsihçi həyatında belə ziyanları, itkiləri təyin etdi və niyə Paul onları qəbul etdi?
Paul bu ayələrdə dəfələrlə bu sualın cavabını verir, odur ki, biz bunu buraxa bilmərik. Paul ziyanların qarşısında passiv qalmır. Onun məqsədi var. Məqsədi, Məsihi qazanmaqdır.
- Ayə 7: "Mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam."
- Ayə 8a: "Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm."
- Ayə 8b: "Onun uğrunda var-yoxumu atıram…"
- Ayə 8c: "(Var-yoxumu) tullantı sayıram ki, Məsihi qazanım…"
- Ayə 9: "…Onda hesab olunum (öz salehliyimə deyil, Onun salehliyinə nail olum)…"
- Ayə 10a: (var-yoxunu atmağının məqsədini açıqlayır) "…Belə ki Məsihi dərk edim."
- Ayə 10b–11: (Məsihi dərk etməyi daha konkret açıqlamaqla davam edir) > * "…Onun dirilmə qüdrətini (dərk edim)"; > * "əzablarına şərikliyi də dərk edim"; > * "Onun ölümündə Ona bənzəyim"; > * "Belə ki ölülər arasından dirilməyə nail olum".
Başqa sözlərlə, Paul hər şeyi itirəndə bu dünyada qiymətli olan bu şeyləri itirdiyinə görə daha da qiymətli olanı – Məsihi qazandığına əminlikdən qüvvət alır.
Məsihi qazanmağını o, “tanımaq” və “dərk etmək” kimi sözlərlə ifadə edir: "Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında…" (ayə 8a); "Belə ki Məsihi… dərk edim" (ayə 10). Əziyyətdə yaxınlıq amili budur. Siz Onu tanımaq istəyirsiniz? Onunla daha çox şəxsi münasibətdə, dərin, gerçək, yaxın ünsiyyətdə olmaq istəyirsiniz? Bu ən böyük xəzinəni əldə etməkdən ötəri hər şeyi ziyan saymağa razısınızmı?
“Hə” cavabını versək, əziyyət çəkməyə hazır olarıq. “Yox” desək, əziyyətlər bizi təəccübləndirər və biz itaətsiz olarıq. Məsihi tanımağın ali dəyərini dərk etməyimiz üçün Rəbb gözlərimizi açsın!