Əziyyətə və sevincə dəvət: müqəddəsliyə və ümidə görə
Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik. Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır. Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb. Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Bu gündən etibarən, dörd həftə ərzində sizi Məsihin yolunda əziyyət çəkməyə hazırlayacağımı ümid edirəm. Mən inanıram ki, biz Məsihin yolunda əziyyət çəkməyə hazırlanmalıyıq. Bunun bir səbəbi, Müqəddəs Kitabın bu haqda öyrətməsidir, digər səbəbi isə dünyanın indiki vəziyyətidir.
Əziyyət çəkməyə hazırlıq
Oksford dünya məsihçi ensiklopediyasının redaktoru, müjdəçi alim Devid Barrett hər il ümumdünya məsihçi hərəkatının vəziyyəti haqqında məlumat və 2000-ci il üçün təxminlərini yayımlayır. Bu ilin məlumatında verilən hesabata görə, 1980-ci ildə təqribən 270 min məsihçi şəhid oldu. Bu il (1992) çox güman ki, 308 min şəhid olacaq, 2000-ci ildə isə 500 min möminin şəhid olacağı gözlənilir.1 Şəhid dedikdə, məsihçi olduqlarına görə ölən insanlar nəzərdə tutulur.
Somalidə hal-hazırda on minlərlə məsihçi rəqib qruplaşmalar tərəfindən qəsdən təcrid edilərək aclıqla öldürülürlər. Nigeriyada müsəlmanlarla xristianların arasındakı gərginlik son dərəcə təhlükəlidir. Çində və daha bir çox ölkələrdə milyonlarla məsihçi daim əziyyət çəkmə və həbs olunma təhlükəsində yaşayırlar.
Bizim ölkəmizdə (ABŞ) də dünyəvi cəmiyyət ümumilikdə və xüsusilə ziyalı elitasının və kütləvi informasiya vasitələrinin müjdəçi cəmiyyətlərinə, möhkəm tutduğumuz məsihçi ədalət və xeyirxahlıq mövqeyimizə qarşı düşmənçiliyi getdikcə artır. ABŞ konstitusiyasına Birinci Dəyişiklik (dinlərin bərabər hüquqları, dövlət dininin olmaması haqqında) məsihçiliyin dünyəvi əleyhdarları tərəfindən o qədər təhrif edilərək şərh edilir ki, məsihçi məbədlərinə dövlət hesabına su, elektrik, kanalizasiya sistemlərinin çəkilməsinin dövlət resursları ilə dini dəstəkləmək mənasına gəldiyini və konstitusiyaya zidd olduğunu iddia edənlərə qarşı artıq heç bir hakim etiraz etməyə cürət etmir.
Abortlara qarşı etiraz etmək üçün ictimai mülkiyyətdə toplanıb dua edən sülhpərvər məsihçilər abort tərəfdarlarının hücumuna məruz qala bilərlər. Nyu-York ştatının Baffalo şəhərində məhz bu cür hadisə baş verdi – polis məsihçi etirazçıları heç qorumadı, əksinə, cinayət törətməkdə ittiham etdi.
Əyləncə sahəsinin məşhur nümayəndələri İsanın adına açıqca lağ və küfr edirlər; təhqirlər o dərəcəyə çatır ki, hələ iyirmi il əvvəl əhalidə böyük narazılığa səbəb olardı, lakin bu gün bu cür işlər bəyənilir və ya onlara dözülür.
İsanın böyük tapşırığının bahası
Bütün bunlar göstərir ki, gələn illərdə məsihçi olmaq adama get-gedə daha baha başa gələcəkdir. Bəzimiz İsanın böyük tapşırığını yerinə yetirmək üçün öz canımızı qurban verəcəyik. Bu dünyada, keçmişdə olduğu kimi, həmişə belə olur. Min səkkiz yüz il bundan əvvəl Tertullian dedi: "Biz (məsihçilər) sizin tərəfinizdən qətlə yetirildikcə daha da çoxalırıq; məsihçilərin tökülmüş qanı toxumdur" (Apologeticus, 50). Ondan 200 il sonra İyeronim belə dedi: "Məsihin Cəmiyyəti başqalarının qanını tökərək qurulmayıb, əksinə, öz qanının tökülməsi ilə qurulub; qəddar davranaraq qurulmayıb, əksinə, qəddarlığa tab gətirərək qurulub. Təqiblər İmanlılar Cəmiyyətinin böyüməsinə yol açıb; şəhidlərin ölümü onun tacı olub" (Məktub 82).
Bu gün “bağlı ölkələr”dən danışmaq o qədər çox xoşumuza gəlir ki, Allahın müjdəçiliyə baxışı az qala tamamilə nəzərimizdən qaçmışdı. Sanki Allah bizə rahat və təhlükəsiz həyatı vəd edib. Müjdəni yayaraq hökmən təqiblərə məruz qalmaq, həbs olunmaq, hətta öldürülmək təhlükəsi ilə üzləşəcəyini güman edənlər üçün bağlı ölkə yoxdur. İsa açıqca söylədi ki, bunları gözləmək olar. "O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək" (Mat. 24:9). "Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər" (Yəh. 15:20).
Biz Müjdənin yayılması ilə bağlı olan əziyyət haqqında Allahın fikrini dərk etmədən, Onun planlaşdırdığı lütfün təntənəsinə sevinməyəcəyik.
Allaha itaət edərək müjdəçilik və sosial ədalət fəaliyyətləri ilə məşğul olmaq adama həmişə baha başa gəlib və gələcəkdir. Nigeriyanın Miango kəndində müjdəçilər üçün bir “qonaq evi” və Kirk Çapel adında kiçik bir məsihçi dua evi vardır. Dua evinin arxasında 56 qəbri olan bir qəbiristanlıq yerləşir. Otuz üç qəbirdə müjdəçilərin qətlə yetirilmiş uşaqları dəfn olunmuşdur. Qəbir daşlarında oxuyuruq: "Etil Arnold: 1 sentyabr 1928 – 2 sentyabr 1928", "Barbara J. Suonson: 1946-1952", "Eylin Luiz Uitmoyer: 6 may 1952 – 3 iyul 1955". İyirminci ərsdə Müjdəni Nigeriyaya gətirmək bu qədər baha başa gəlib. Çarlz Uayt bu balaca qəbiristanlığı ziyarət etməyindən danışanda son dərəcə təsirli söz söylədi: "Miango qəbiristanlığını dərk etməyin yeganə yolu, Allahın, həmçinin Öz Oğlunu missiya sahəsində dəfn etdiyini xatırlamaqdır".2
Allah İsanı ölümdən diriltdikdən sonra, İmanlılar Cəmiyyətini İsanın ardınca “bütün dünya” adlanan bu təhlükəli sahəyə getməyə çağırdı. Amma biz getmək istəyirikmi?
Siz 2 Timotey 3:12 ilə nə edirsiniz?
İki il bundan əvvəl Hollandiyanın Ermelo şəhərində Endryu qardaş bir əhvalat danışdı. O, Macarıstanın paytaxtı Budapeştdə on-on beş nəfər pastorla görüşüb Müqəddəs Kitabdan dərs verirdi. Birdən onun köhnə dostu, bir az əvvəl həbsxanadan azadlığa çıxmış rumıniyalı pastor içəri girdi. Endryu qardaş dərsini dayandırdı, çünki qulaq asmaq zamanının gəldiyini anladı.
Uzun bir sükutdan sonra rumıniyalı pastor ona üz tutub: "Endryu, Hollandiyada, ümumiyyətlə, həbsxanada yatan pastorlar var?" - deyə, soruşdu. "Xeyr", - deyə, Endryu qardaş cavab verdi. "Nə üçün yoxdur?" - deyə, pastor soruşdu. Endryu qardaş bir müddət düşünüb dedi: "Mən düşünürəm ki, biz Allahın verdiyi imkanlardan tam istifadə etmədiyimiz üçün."
Sonra ən çətin sual gəldi. "Endryu, siz 2 Timotey 3:12 ilə nə edirsiniz?" Endryu qardaş İncil Kitabını açıb ucadan oxudu: "Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq". Kitabı yavaşca bağlayıb dedi: "Qardaşım, bağışla. Biz bu ayə ilə heç nə etmirik." 3
Mən qorxuram ki, biz möminlik anlayışını qanuna tabe olan orta sinfin mənəviyyatına elə uyğunlaşdırdıq ki, 2 Timotey 3:12 bizim üçün dərkedilməz oldu. Mən fikirləşirəm ki, bir çoxlarımız Müjdə yolunda əziyyət çəkməyə hazır deyilik. Buna görə mən indi dörd həftə ərzində Müqəddəs Kitabda bu mövzuda yazılanları nəzərdən keçirərək Allahın bizi bu gün nəyə çağırdığını aşkar etməyi qərara aldım.
Müqəddəs Kitaba əsasən, əziyyət çəkməyin dörd məqsədi
Biz hər həftə əziyyət çəkməyin dörd məqsədinin birindən bəhs edəcəyik. Əziyyət çəkməyin məqsədləri haqqında danışmaq asandır, çünki bəzən salehlik uğrunda və Müjdə yolunda əziyyət çəkməyimiz üçün Allahın məqsədi aydındır. Misal üçün, bu ayəni götürək: "Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər" (1Pet. 4:19; bax: 3:17; İbr. 12:4-11).
Nəzərdə tutduğum əziyyət çəkməyin dörd məqsədi aşağıdakı kimidir:
Mənəvi məqsəd. Əziyyətlər bizi müqəddəsləşdirir və ümidimizi artırır (Rom. 5:1-8).
Yaxınlıq məqsədi. Biz əziyyət çəkərkən Məsihlə münasibətimiz daha dərin və şirin olur (Fil. 3:7-14).
Müjdəçilik məqsədi. Allah bizi Məsihin çəkdiyi əziyyətləri tamamlamağa çağırdı – biz öz gerçək əziyyətlərimizdə Onun çəkdiyi əziyyətlərin dəyərini daha da artırırıq (Kol. 1:24).
İzzət məqsədi. Bu müvəqqəti, yüngül əziyyətlərimiz bizə böyük və əbədi izzət qazandırır (2Kor. 4:16-18).
Əziyyətin mənəvi (ruhani) məqsədi
Bu gün biz əziyyətin mənəvi (yaxud ruhani) məqsədini nəzərdən keçirəcəyik. Allah bizə Müjdə yolunda və salehlik uğrunda əziyyət çəkməyi buyurur, çünki bu cür əziyyət mənəvi və ruhani baxımdan bizə təsir göstərir.
Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik
Bu mövzuda ən mühüm ayələrdən ikisini oxuyaq: Rom. 5:3-4. İmanla saleh sayıldığımızı və Məsihin vasitəsilə lütfə daxil ola bildiyimizi və həmin lütfdə qaldığımızı göstərdikdən sonra həvari 2-ci ayədə deyir ki, biz məsihçilər "Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik." Məsihçi həyatında sevinc gətirən başlıca səbəb, Allahın izzətini görəcəyimizi, ona şərik olacağımızı həvəslə gözləməyimizdir.
Əgər bu, düzdürsə, Paul tam məntiqi şəkildə 3-cü və 4-cü ayədə davam edib deyir ki, biz ümidimizi artıran şeylərlə də fəxr edirik. Onun düşüncəsi burada belə xətt ilə qurulur: biz 2-ci ayənin sonunda Allahın izzətinə ümid ilə başlayırıq, sonra da 4-cü ayənin sonunda ümidlə bitiririk. Əsas fikir budur ki, əgər biz ümidlə fəxr ediriksə, onda ümidi əmələ gətirən şeylərlə də fəxr edəcəyik.
Ümidi əmələ gətirən şeylər
Beləliklə, 3-cü və 4-cü ayələrdə bunun nə olduğu təsvir olunur: "Yalnız bununla deyil [təkcə Allahın izzətinə ümid bağlamağımızla fəxr etməklə kifayətlənmirik], çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm [yaranır], dözümdən Allaha xoş gəlmə [yaranır], Allaha xoş gəlmədən ümid yaranır."
Buna görə biz əziyyətlərimizlə fəxr ediriksə, bu, heç də o demək deyil ki, əzab, əziyyət, yaxud dərd çəkmək bizim xoşumuza gəlir (biz mazoxist deyilik); ancaq əziyyətlər xoşumuza gələn şeyləri, yəni daha çox ümidi əmələ gətirir. Biz əziyyətlərə dözdükcə, bu ümidimiz də artır və Allaha xoş gəlmə hissi yaranır.
Allahın xalqının əziyyət çəkməsində bir İlahi məqsəd vardır
Burada əsas öyrəndiyimiz həqiqət budur ki, Allahın xalqının əziyyət çəkməsində bir İlahi məqsəd vardır. Bu məqsəd çox vaxt xidmətlərinin məqsədindən fərqlənir. Xidmət məqsədləri Minneapolisdə məsihçi toplantılarında iştirak etməyən subaylara, şəhərin kənarında yaşayan içşilərə, yaxud müsəlman türklərə Müjdəni yaymaq ola bilər. Lakin Allahın məqsədi xidmətçi və müjdəçilərdə ümidin artması üçün həbs edilmələri ola bilər. Allah həmişə ondan da artıq edir (gələn həftələrdə bunu görəcəyik), lakin bu da kifayət olardı.
Başqa sözlə desək, Allah bizdən fərqli olaraq, xidmətdə səmərəliliyi, təsiri qarşısına məqsəd qoymaya bilər. Paul həbs edildikdə, döyüldükdə, gəmi qəzalarına uğradıqda və planları pozulduqda dəfələrlə Allahın ecazkar işini görürdü. Allah necə bu qədər təsirsiz olub Öz missiyasının dəfələrlə dayandırılmasına yol vermişdir? Bunun cavabı (yeganə mümkün cavab deyildir) belə olardı: Allah həlak olanların xilası üçün çalışaraq Öz xalqında ümidi və müqəddəsliyi artırmaqla məşğuldur. Yalnız Allah bu iki məqsədini tarazlayaraq yerinə yetirmənin ən yaxşı yolunu bilir.
Əziyyətlərin üç təsiri
İndi isə əziyyətlərin təsirlərini daha konkret şəkildə nəzərdən keçirək. 3-cü və 4-cü ayədə üç xüsusi təsirdən bəhs olunur.
1. Dözüm
Birincisi, əziyyətdən dözüm, yaxud səbr yaranır. Paul bunun mütləq bir qanun olduğunu iddia etmir. Bir çoxları əziyyət çəkdiklərinə görə kinə, nifrətə, incikliyə yol verir, həmişə deyinirlər. Lakin Məsihin Ruhuna malik olanlar belə deyillər. Onların çəkdikləri əziyyətlər daha çox dözümlərini artırır, çünki Ruhun səmərəsi səbrdir.
Bəhsimizin məğzi budur ki, həyatımızda çətin vaxtlar, xüsusilə Məsih yolunda, Onun salehliyi uğrunda əziyyət çəkdiyimiz zaman olmazdan əvvəl biz Məsihə olan sədaqətimizi, özümüzü Ona nə qədər həsr etdiyimizi dərindən dərk edə, sınaqdan keçirə bilmirik. Çətinlik olana qədər nə dərəcədə ciddi imanlı məsihçi olduğumuzu dəqiq bilmirik, Məsihin Mark 4:16-17-də təsvir etdiyi daş-kəsəkli torpaq olduğumuzdan şübhələnə bilirik:
Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər. Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar.
Beləliklə, Paul öyrədir ki, əziyyətin Allahın xalqına böyük bir təsiri, səbrlə dözümün meydana gəlməsi ilə Allahın sadiq olduğuna və həqiqətən Ona məxsus olduqlarına əminlikdir.
2. Sınaqdan keçmiş xasiyyət
İkinci təsirin mənası budur (v. 4): "…dözümdən Allaha xoş gəlmə, (yaranır)". Burada “xoş gəlmə” olaraq tərcümə edilən dokimen kəlməsi hərfən "sınaqdan keçirilib bəyənilmək" mənasına gəlir. Biz buna "bəyənilmiş hal" və ya "sınaqdan keçmiş hal" deyə bilərik.
Bunu anlamaq heç o qədər də çətin deyildir. Əgər siz əziyyət çəkəndə Məsihə sadiq qalaraq Ondan üz döndərmirsinizsə, o zaman bundan sonra ikiüzlü deyil, əsl sınaqdan keçmiş imanlı olduğunuzu daha yaxşı hiss edirsiniz. İnam ağacı əyildi, amma sınmadı. Sədaqətiniz, imanınız sınaqdan keçirildi və bəyənildi. İndi siz "sınaqdan keçmiş xasiyyətə" malik olduğunuzu bilirsiniz. İman qızılınız oda salınanda yanmadı, ancaq təmizləndi.
Yolun keçərsə sınaqdan
Əzab çəkərsən alovdan
Deyinmə, çünki Yaradan
Qızılını təmizləyər!
Əziyyətin ikinci təsiri budur: İsaya sədaqətimizin qızıl kimi sınaqdan keçirilib təmizlənməsidir. Dözüm sayəsində biz sınaqdan keçmiş olduğumuza əmin oluruq.
3. Ümid
Üçüncü təsir bizim özümüzü sınaqdan keçmiş, bəyənilmiş və təmizlənmiş olduğumuzu hiss etməmizdən qaynaqlanır. 4-cü ayənin ikinci yarısında "Allaha xoş gəlmədən ümid yaranır" deyilir. Bununla bağlı olaraq, 2-ci ayəni təkrar nəzərdən keçirməliyik: "Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik". Məsihçi həyatı Allahın Müjdədə verdiyi vədlərə inamdan başlanır və əziyyətlərdən keçib spiral şəklində yüksələrək daha çox ümidə doğru qalxır.
Bəyənilmiş halda insanın ümidi artır, çünki biz sınaqdan keçib əsl imanlı olduğumuzu gördükcə ümidimiz artır. Məsihlə birlikdə əziyyət çəkən insanlar Allahı ən çox yaxşı tanıyırlar. Ən çox ümidini itirməyən insanlar daha dərin sınaqlardan keçənlərdir. Allahın izzətinə ən ciddi və möhkəm ümid bağlayanlar, bu həyatda əziyyət çəkərək nemətlərdən məhrum olanlardır.
Allahın izzətinə ümid bağlamağı və çəkdiyi əziyyət ilə fəxr edən insanlar
Bu bəhsimizdə əzab-əziyyət çəkmək ilə əlaqədar olaraq dediyimiz ilk həqiqət o idi ki, bunda Allahın məqsədi vardır. Onun məqsədi, xalqının Onun adı naminə səbr və dözüm göstərməsidir; bu yolla onların əsl imanları və Məsihə sədaqətləri sınaqdan keçərək təmizlənir; biz bəyənildiyimizi hiss etdikcə ümidimiz qüvvətlənir, dərinləşir, artır.
İmanlılar Cəmiyyəti olaraq xidmətimizdə müəyyən məqsədlər vardır (şagird etmə, kiçik qruplarda təlim, birgə müjdəçilik fəaliyyəti, bətndəki körpələri abortdan qorumaq; gəncləri və uşaqları səfərbər etmək və s.); 2000-ci ilə qədər 2000 nəfəri missiyaya göndərmək arzumuz vardır; binamızın xərclərini ödəmək və Məsihin Padşahlığı üçün aparılan fəaliyyətləri maliyyələşdirmək üçün büdcəmiz vardır. Allahın Öz iradəsi ilə nə qədər işlərin həyata keçirilməsinə imkan verəcəyini bilmirəm, ancaq orasını bilirəm ki, biz itaətkarlıqla bu məqsədlərə nail olmağa çalışarkən, Allahın məqsədi var ki, hər maneə, hər uğursuzluq, hər əzab-əziyyətdən faydalanaq; sizin dözümünüzü, sınaqdan keçmiş xasiyyətinizi, Allahın izzətinə ümid bağlamağınızı hədəf alan bu İlahi məqsəd xidmət məqsədləri qədər mühümdür.
Allah həyatımızın əməli planlarında nə edirsə-etsin, ürəyinizdə həmişə bu yaxşı işi gerçəkləşdirir. Buna görə gəlin biz də Paulla birlikdə Allahın izzətinə ümid bağlamağımızla və çəkdiyimiz əziyyətlə fəxr edək.
1International Bulletin of Missionary Research, vol. 16, no. 1, January, 1992, p. 27.
2Charles White, "Small Sacrifices," Christianity Today, vol. 36, no. 7, June 22, 1992, p. 33.
3Herbert Schlossberg, Called to Suffer, Called to Triumph (Portland: Multnomah Press, 1990) kitabının ön sözündən götürülüb: səh. 9–10.